Müqaviləyə imza atıldısa, hər şey üçün gecdirmi və ya müqavilənin standart şərtləri nədir?

(xüsusi adlar şərtidir)

Ayxan Bakıda kifayət qədər tanınan “Qarant” MMC əmlak şirkətindən (Kirayəyə Verən) mənzil kirayəyə götürmək üçün onların ofisinə gəlir. Razılıqdan sonra Kirayəyə Verənin əvvəlcədən hazırladığı 7 səhifəlik Kirayə Müqaviləsini oxumağa hövsələsi çatmayan Ayxan onu dərhal imzalayır. Kirayə müddəti bitdikdə Kirayəyə Verənin nümayəndəsi mənzilə baxış keçirən vaxt evdəki divar kağızlarının cırıldığını görür və dəymiş zərərin 600 manat olduğunu müəyyənləşdirir. Ayxan zərərin bu dəyəri ilə razılaşsa da Kirayə Müqaviləsinin şərtlərinə görə Kirayəyə Verən ondan 1200 manat kompensasiya tələb edir. Ayxan imzalayarkən müqaviləni oxumamışdı və oradakı “Kirayəçi mənzilə vurduğu zərərə görə dəymiş zərərin 2 misli dəyərində məsuliyyət daşıyır” şərtini görməmişdi. Belə bir şərtin olması haqda Kirayəyə Verənin nümayəndəsi də ona əvvəlcədən bir söz deməmişdi.
Ayxan 1200 manatı ödəməlidirmi və onun bir çıxış yolu tapması üçün artıq gecdirmi?

Müqavilə bağlanarkən çox vaxt tərəflər müqavilə şərtlərini qarşılıqlı olaraq müəyyənləşdirir, bir biri ilə bazarlıq edir və nəticəyə gəldikdə onu imzalayırlar. Ancaq elə müqavilələr var ki, onun şərtlərini tərəflərdən biri gələcəkdə bir neçə dəfə istifadə etmək üçün tərtib edir və qarşı tərəfə orada dəyişiklik etmək imkanı vermir. Başqa ifadəylə, qarşı tərəf ya şərtləri qəbul edib müqaviləni imzalamlı ya da təklif edənin təqdim etdiyi maldan və ya xidmətdən imtina etməlidir. Bunun əsas səbəbi ondan ibarətdir ki, bir çox şirkətlər gündəlik olaraq onlarla, bəzən də yüzlərlə şəxslə müqavilə bağlayır və hər qarşı tərəf müqavilə şərtləri barəsində fikir irəli sürərsə şirkətin işi çətinləşər və işin surəti zəifləyər. Bu kimi müqavilələrə bankların, sığorta, daşıma şirkətlərinin, mobil operatorların və s. müəssisələrin müqavilələrini göstərmək olar. Belə müqavilələrin şərtlərinə Müqavilənin Standart şərtləri deyilir.

Yuxarıda qeyd olunanlara əsasən Müqavilənin standart şərtlərinin elementləri aşağıdakılardır:

  1. Tərəflərdən birinin müqavilə şərtlərini təkbaşına hazırlaması;
  2. Müqavilənin gələcəkdə çox sayda istifadə etmək üçün hazırlanması;
  3. Hazırlanan müqavilənin qarşı tərəfə təqdim edilməsi;

Standart şərtli müqavilələrin mətni çox uzun olur, ya da şriftləri çox kiçik olur deyə qarşı tərəf bunu oxumur. Məsələn, bankla kredit müqaviləsini imzalayarkən çox az kredit alan şəxsə rast gəlmək olar ki, bütün müqaviləni oxusun. Belə olan təqdirdə müştəri (qarşı tərəf) zəif durumda qalır və müqaviləni tərtib və təklif edən tərəfin ədalətli olmayan şərtləri ilə üz-üzə qala bilir. Dolayısı ilə də zəif durumda qalan şəxsin qorunmasına ehtiyacı yaranır.

Müqavilənin Standart Şərtlərindən qarşı tərəfin qorunması Mülki Məcəllənin 417-420-ci maddələri ilə həyata keçirilir. Məcəlləyə əsasən aşağıdakı şərtlər müqaviləyə əlavə olunduqda həmin şərtlər etibarsız sayılır:

Təklif etmiş tərəfə:

  • öhdəliyinin icrası üçün tənasübsüz surətdə qısa və ya uzun müddət müəyyənləşdirildikdə;
  • öhdəliyinin icrası üçün əvvəlcədən müəyyənləşdiriləndən fərqli, tənasübsüz uzun və ya kifayət qədər aydın olmayan müddətlər müəyyənləşdirildikdə;
  • əsassız olaraq müqaviləyə xitam vermək hüququ verildikdə;
  • görəcəyi işi dəyişdirmək (qarşı tərəfə məqbul olmayan şəkildə) və ya işin icrasından imtina etmək hüququ verildikdə;
  • onun tərəfindən çəkilən xərclər üçün qarşı tərəfdən tənasübsüz yüksək əvəz tələb etmək hüququ verildikdə;
  • qiymətləri əsassız olaraq qısa müddətdə yüksəltmək hüququ verildikdə
  • Mülki Məcəllə ilə qarşı tərəfə verilmiş hüquqları məhdudlaşdıran hüquqlar verildikdə;
  • qarşı tərəfin şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərini əvəzləşdirilməsi hüququndan məhrum edən hüquqlar verildikdə;
  • zərərin miqdarından yüksək məbləğin tələb edilməsinə dair hüquq verildikdə;
  • onun kobud ehtiyatsızlığı üzündən vurulan zərər üçün məsuliyyəti və ya müqaviləyə xitam vermək hüququnu istisna edən və ya məhdudlaşdıran hüquqlar verildikdə;
  • onun tərəfindən yeni mallar göndərilərkən və işlər görülərkən əşyanın qüsurları üçün məsuliyyətini nəzərdə tutan qaydaları məhdudlaşdıran hüquqlar verildikdə.

Bütün bunlardan başqa Mülki Məcəlləyə görə Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin əleyhinə təfsir edilir.

Ancaq yuxarıda göstərilən müqavilənin standart şərtləri hər zaman etibarsız sayılmır. Etibarlı sayılması üçün bu kimi şərtlərin olduğuna dair müqavilədə bir qeyd yazılmalı və qarşı tərəfə bu şərtlərlə tanış olmaq üçün şərait yaradılmalıdır. Əgər qarşı tərəf bu qeydi və bütövlükdə müqaviləni oxuyub imza atıbsa müqavilənin standart şərtlərinin etibarsız sayılmasını tələb edə bilməz*.

Ayxanın Kirayəyə verənə vurduğu zərərin dəyəri 600 manatdır və Mülki Məcəllənin 420.3.5-ci maddəsinə əsasən zərərin miqdarından yüksək məbləğin tələb edilməsinə dair standart şərt etibarsızdır. Nəzərə alsaq ki, Ayxan müqaviləni əvvəlcədən oxumamışdı və belə bir standart şərtin olması ona bildirilməmişdi, müqavilədəki “Kirayəçi mənzilə vurduğu zərərə görə dəymiş zərərin 2 misli dəyərində məsuliyyət daşıyır” şərti etibarsız sayılır və Ayxanın Kirayəyə Verənə ödəməli olduğu məbləğ 600 manat təşkil edir.

*Mülki Məcəllə ilə qarşı tərəfə hər hansı bir hüquq verilibsə müqavilədəki bunun əksinə olan müqavilənin standart şərtinin (MM m. 420.3.2.) 420.2`ci maddədəki prosedurlara əməl etdikdə etibarlı sayılacağı bildirilir. Ancaq Mülki Məcəllənin 337.1-ci maddəsinə görə Mülki  Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Belə olan halda isə normalar arasında ziddiyyət (kolliziya) yaranır.

ismayilaw tarafından yayımlandı

Hüquqşünas

Yorum bırakın

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın